Müsəlmanlar

İslamda qardaşlıq və bərabərlik

İslamda qardaşlıq və bərabərlik

Sədaqət və ixlas qədər digər önəmli bir mömin xüsusiyyəti də qardaşlıq, həmrəylik, bərabərlikdir. Quranda bildirilən hökmə görə, bütün möminlər bir-birlərinin qardaşlarıdır. Onlar eyni yola inanan, eyni kitaba tabe olan, eyni hədəfə malik olan, eyni duyğuları daşıyan insanlardır. Beləliklə, möminlərin aralarında böyük bir sevgi və həmrəylik olur. Allah bu vəziyyəti belə bildirir:

“Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (“Səff” surəsi, 4).

Yuxarıdakı ayədə qeyd edildiyi kimi, bir həmrəylik içində Allah yolunda cəhd etmək (səy göstərmək) qəti bir əmrdir. “Ali-İmran” surəsində Allah belə buyurur:

“Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (“Ali-İmran” surəsi, 103).

Möminlər gözəl əxlaqlıdırlar, təvazökardırlar, sevgi və ehtiramla doludurlar. Bu səbəbdən də həmrəylik möminlər arasında təbii bir şəkildə baş verir. Ancaq bu mövzuda yenə diqqət yetirilməsi lazım gələn cəhətlər vardır. Çünki möminlərin edə biləcəkləri müxtəlif səhvlər bu həmrəyliyin zədələnməsinə və möminlər arasında soyuqluq yaranmasına səbəb ola bilər.

Bu səhv hərəkətlərin səbəbi möminlərin davranışlarına qəflət anlarında təsir edə bilən nəfsdir. Mömin fədakar, xoşrəftar və istiqanlıdır; amma hər kəsdə nəfs olur və insan diqqət etməzsə bəzən nəfsinə aldana bilər. Qısqanc, xudbin və tamahkar olan nəfsinə inanması isə bu pis hisslərin möminə təsir etməsi deməkdir.

Məhz bu səbəbdən Quranda möminlər qardaşlıq məsələsində son dərəcə diqqətli olmaları üçün xəbərdar edilmişlər. Şeytanın insandakı təzahürü olan nəfs insanı aldatmaqdadır, buna görə qarşıdakı möminin nəfsini hərəkətə gətirəcək bir üslub qəti olaraq istifadə olunmamalıdır. Bu mövzu haqqında Quranın bir əmri belədir:

“Bəndələrimə de: “Gözəl sözlər söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!” (“İsra” surəsi, 53).

Ayədə bildirilən əmr həmrəyliyin təşkil edilməsi baxımından son dərəcə önəmlidir. Birincisi, möminlərin bir-birlərinə qarşı olan ən gözəl xitab şəklini (yalnız gözəl deyil, ən gözəl) işlətmələri əmr edilmişdir. İkincisi, şeytanın bir xüsusiyyəti qeyd edilmişdir: şeytan insanların və xüsusilə də möminlərin arasını vurmaq üçün çalışmaqdadır.

Şeytanın və nəfsin möminlərin arasındakı həmrəyliyi pozmaq üçün ən çox istifadə etdiyi yollardan biri isə rəqabət hissidir. Əgər mömin qəflət halında olarsa, məqam, mövqe kimi məsələlərdə rəqabət hissinə qapılıb qardaşlarını keçməyə, özünü onlardan ön plana çıxarmağa çalışa bilər. Eyni şəkildə özündən ön planda olan qardaşına qarşı qısqanclıq hiss edə bilər. Əslində qəflət halında edilən bu hərəkət həqiqətdə Allaha qarşı üsyan mənasına uyğun gəlir. Çünki “Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar?” (“Nisa” surəsi, 54) ayəsinə görə, insanlara verilmiş olan nemətlər Allahdandır və bunları qısqanmaq Allahın dəyərinə qarşı çıxmaq deməkdir. Bu səbəbdən möminlərin qısqanclıq kimi bir davranışdan qəti olaraq uzaq durmaları vacibdir. Əgər belə bir davranış ortaya çıxarsa, bu, həm Allahın rizasına zidd bir hərəkətdir, həm də ayənin hökmünə görə, möminlərin gücünün azalmasına səbəb olur:

“Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!” (“Ənfal” surəsi, 46).

Bu səbəbdən mömin qəti olaraq qardaşları ilə arasında bir mübahisə və rəqabətin yaranmasına əngəl olmalıdır. Həm özü qısqanclıq kimi xoşagəlməz hissə qapılmamalı, həm də sahib olduğu xüsusiyyətləri ön plana çıxararaq qardaşlarını qısqanclıq nəfsinə təhrik etməməlidir. Təvazökar, sadə olmaq rəqabət təhlükəsini aradan qaldırar. Quranda bu mövzuda verilən başqa bir düşüncə isə qardaşlarının nəfsini öz nəfsindən üstün tutmaq, yəni hər vəziyyətdə fədakar davranmaq və bundan zövq almaqdır. Quranda bu düşüncə belə bildirilir:

“Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!” (“Həşr” surəsi, 9).

Qısqanclıq, rəqabət, darılmaq insanlar arasında birliyin və qardaşlığın önündəki çox önəmli üç əngəldir. Hərislik nəticəsində yarana biləcək hər hansı bir rəqabət insanların bir-birinə olan sevgisini azaldar. Bu cür Qurana yaraşmayan bir hərəkət, onların ruhlarına böyük zərər verər və mənəvi baxımdan geriləməyə yol açar.

Halbuki inananlar üçün sonsuz bir savab qaynağı mövcud olarkən bir-birlərinin qarşısını kəsib, haqsız rəqabət və qısqanclıqlarla vaxt keçirməyin heç bir mənası yoxdur. Əgər hədəf Allah rizası olarsa, hər hansı bir rəqabət olmaz. Çünki hər kəs bir başqasının qarşısını kəsmədən Allah rizası üçün xidmət edərək savab qazana bilər. Bu səbəbdən möminlər mömin birliyinin bir insan vücudu kimi olduğunu, hər orqanın bir başqasının yardımçısı və dəstəkçisi olduğunu unutmaz və qardaşlarının uğurunu öz uğuru kimi qəbul edər. Bu, son dərəcə əhəmiyyətlidir. Quranda möminlərin arasındakı həmrəylik ilə bağlı çoxlu ayə vardır. Bir ayədə möminlərin digər möminlərlə həmrəyliklərini oxuduqları bir dua belə bildirilir:

“Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (“Həşr” surəsi, 10).

Möminlər arasında bir mübahisə və ya küskünlük halları hər kəsə zərər verər. Ümumiyyətlə, iman gətirənlər belə bir hərəkətə qarışmazlar. Həmçinin Quran ayəsində möminlərin bir-birlərinin himayəçiləri (dost və qoruyucuları) olmadıqları halda fitnə yaranacağı xəbər verilmişdir:

“Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar” (“Ənfal” surəsi, 73).

Ayrıca Quranda həmrəyliklə bağlı açıq hökmlər vardır:

“Açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar” (“Ali-İmran” surəsi, 105).

“Səndən qənimətlər haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir. Buna görə də əgər möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!” (“Ənfal” surəsi, 1).

“Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra onlara nə etdiklərini xəbər verəcəkdir!” (“Ənam” surəsi, 159).

Möminlər başqa möminlərə qarşı son dərəcə mərhəmətli və sadə olmağa borcludurlar. Zidd bir davranış kəskinliklə Qurana uyğun deyildir. Təkəbbür, qısqanclıq, küsmək, pis söz söyləmək, mübahisə möminlərə deyil, inkarçılara xas olan xüsusiyyətdir. Bu səbəbdən nəfsi üzündən belə bir rəzilliyyə uğramış olan mömin özünü toplamalı, Allaha sığınmalı və həqiqi mömin davranışı göstərərək xətasını düzəltməlidir. Əks halda, Allah o insanın yerinə daha xeyirlisini gətirəcəyini ayələrdə xəbər vermişdir. İman gətirən hər insan bu ayənin hökmünə düşməkdən qətiyyətlə çəkinməlidir:

“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah lütfü ilə genişdir, biləndir!” (“Maidə” surəsi, 54).

Mənbə: din.az

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.